Əsas səhifə
     Həyatı
     Yaradıcılıq
     Foto arxiv
     Poemalar
     => CEX QIZININ MƏHƏBBƏTİ
     => DƏFİNƏ
     => İnsan Ləpiri
     => Yaralı nəğmə
     Əlavələr
     Qonaq kitabi



İslam Səfərli irsi - İnsan Ləpiri


İNSAN LƏPİRİ  poema

I

 

Qumsan,

Qumsal..

Od tökülür ətək-ətək.

Üzü üstə düşüb bihal,

O sürünür yaralıtək.

Qızmar qumun hər danəsi,

Susuz səhra divanəsi...

Oda baxın, oda baxın.

Günmü enib yerə yaxın?

Qumsallığın tən ortası,

Yayın qızmar günortası...

Üz-gözündən silib təri

O düşünür ötənləri...

 

I I

 

...Mavi səma,

Üç cavan

Baxır yerlərə heyran.

Nə yol görünür, nə iz,

Hər tərəf qumdan dəniz...

Vertolyot uçub keçir

Uçur dağlara sarı.

Aşağıdan süzərək,

Qırçınlayır qumları.

Dağlar, meşəli dağlar,

Zümrüd güşəli dağlar

Zirvə göylə öpüşür...

Keçib dumanı, sisi,

Talaya gəlib düşür

Bu üç dağ mühəndisi

Samir,

Laçin,

Qəhrəman.

Çadır qururlar bu an.

Laçın,

Darayıb saçın

Döşünə çiçək taxır.

Büllur bulağa baxır.

Sanki bulaq durulur...

Gözəlliyin önündə,

Təbiətdə dirçəlir.

Səhənginə su alıb,

Çadıra dönüb gəlir.

Dağda ocaq çatılır,

Üstə çırpı atılır...

Sirli “qaya” onlara

Sirrini verəcəkmi?

Dağı mis mədəninə

Bu üç cavan,

Bir zaman

Görən çevirəçəkmi?

...Kiçik kətil.

Elə bil

Onlara “buyur” – deyir.

Qız yedi,

Onlar yedi...

Şəfəqlər saçaq-saçaq,

Samir həlim, utancaq.

Nə danışır,

Nə də ki,

Deyil Qəhrəman təki.

Nə lətifə bilir o;

Nə danışıb gülür o.

 

Elə susqun dayanır,

Eşqi gözündə yanır.

O, Laçına qəlbini

Son kursda açan zaman,

Qızarmışdı pul kimi,

O gün utandığından...

Qəhrəmansa başqa bir

İnstitut bitirdi.

İndi üç mühəndisi

Bəxt gör hara gətirdi!..

 

Onlar yaldan aşdılar,

Daşlara sarmaşdılar.

Qayaları deşdilər,

Gədiklərə düşdülər.

Dumanlarda itdilər

Sıldırımlar diddilər.

Dolaşdılar yalları,

Ümid,

İnam,

Qətiyyət

Verdi onlara cürət...

Laçın deyib-güləndi,

Çox sevir əhdi, andı.

Yay kimi büküləndi,

Ox kimi atılandı.

Qəhrəmanla dost kimi

Hərdən oturub-durur.

Qısqanclıq ilan olub

Samiri xəlvət vurur.

 

Zahirdə sezilməyir

Bu üçlüyün tufanı.

Məhəbbət olan yerdə

Qısqanc olmayan hanı?

Samir dağları dələr,

Yer altdan çıxıb gələr.

Samir qayalar yarar,

Daşdan gülcə qoparar,

Samirim mərdanədir,

İşində bir danədir.

Lakin belə bir insan,

Baxıb, inanmayırsan,

Niyə belə bükülür?

Xəzan olub tökülür.

 

Samir erkən oyandı,

Yuxudan tez doyandı.

Dırmandı başyuxarı,

Qəlbində dağ vüqarı.

Gəldi elə yerə ki –

Baxmaq olmur çəpəki,

Sıldırımdan aşağı

Duman oldu qurşağı.

Qan –tərə bata-bata

Başladı kəşfiyyata...

Laçıngil də durdular,

Zirvələrdən sordular;

- Samir hanı?

Bu sual,

Dağlarda itdi dərhal...

İtdi əks-səda tək,

Alıb apardı külək.

Axşamadək gəzdilər,

Dincələ bilməzdilər.

- Samir hanı?

Bu sorğu

Dolaşdı yorğun-yorğun...

...Əlində mis külçəsi

Geriyə döndü Samir.

Mədənin xəritəsi...

Yeri də göstərilir.

Şər düşür asta-asta,

Təkdir bu səhnədə o.

Gördü ki, ağ çadırda

Nə Laçın var, nə də o.

Sıçrayıb boz yallara,

Baş aldı qumsallara...

 

I I I

 

Qumsal,

Qumsal...

Silkələdi onu xəyal...

Dodaq çatlar, dil quruyar

Bu istidə.

Torpaq yanar, gil quruyar

Bu istidə.

Yarpaq solar, gül quruyar

Bu istidə.

Qürub etdi nazlı Günəş,

Samir yanar, Samir atəş...

Bu qumsallalıq dənizində,

Qızmar od var bənizində.

Gəlir qovrulmuş qum iyi...

Düşdü axşam qəribliyi.

Meh oynadı asta-asta,

O uzandı dalı üstə

Xumarlandı bir anlığa,

O qərq oldu qaranlığa.

Ağ ulduzlar qırçın-qırçın,

Yada düşdü yenə Laçın.

Ac adamın öz arzusu,

Bir qurtum su, bir gilə su...

Dağ döşündə bir gün qabaq,

Süzülürdü ayna bulaq.

Gizlətmirdi gül ətrini,

Qaca palıd öz çətrini.

Hələ quşlar, lirik quşlar,

Məxmər döşlər, göy yoxuşlar...

Eh, Samirim orda da bərk

Darıxırdı indiki tək.

...Yorğunluq öz inadını,

Həzin yuxu qanadını

Çəkdi onun gözlərinə.

Elə bil ki, toran endi

Bükülü qum düzlərinə...

 

...Ağarmamış hələ bir yan,

O ayıldı ala-toran.

Bir iz gördü:

- Ah, bu nədir?

Bu ki, insan ləpiridir?!

O, süründü dizin-dizin.

İtirməsin məhrəm izi.

O, bir az da cana gəldi,

Bir qədər də o dikəldi.

Bu gecənin əsla Samir,

Kimliyini bilə bilmir.

Lap uzaqda, aha şərqdə,

Görünür bir qara nöqtə:

- O insandı...

- O insandı!..

Qəlbdə ümid şamı yandı.

Gözdə həyat eşqi güldü,

Ləpirlərə nur töküldü...

Ah, nə deyimmən bu haqda,

Susuzluqda, tənhalıqda

Fərqi yoxdur əsla ona,

Dost, ya düşman ləpiridir;

- Qurban olum mən insana

O ki, insan ləpiridir!

O ki, insan ləpiridir!

Sürünməyir Samir indi,

İnam eşqi Samirindi...

Dayandılar onlar birdən,

Ayaqları uçdu yerdən;

- Samir!!!

- Laçın!!!

...Ağ qumsallar qırçın-qırçın.

Bir səs tutdu boz çölləri:

- Salam insan ləpirləri!..

 

şair İslam Səfərli

 

adminlə əlaqə:
e-mail: elchinsafarli@bk.ru
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free