İslam Səfərli irsi - Yaradıcılıq









 


Sənsiz
Sol döşüm üstündə yatıb bu gecə,
Ürəyim dil açıb,  dedi gizlicə:
-Mən Səni yaşadıb, mən Səni duydum,
Mən Sənin yolunda ömrümü qoydum...
Dedim: -dinlə könül, məndə bir siməm,
Dostluğa mətnəm, sevgiyə yaram
Sənsiz bu dünyada demə heç kiməm
Ürəkdən yaradan bir sənətkaram....


İslam Səfərli şeirlərinin mövzusu rəngarəngdir, bu şeirlər onun üçün mənəvi ehtiyac və könül çırpıntılarının ifadəsidir. Bu şeirlərdə elinə, obasına, xalqına olan məhəbbət obrazlılıq, dil səlistliyi, poetik ifadə tərzi və şeir üçün lazım olan nə varsa öz əksini tapmışdır. Onun şeirləri o qədər yığcam, düşünülmüş, sadə bir dildə yazılmışdır ki, sanki bir misranı çıxarsan bütün gözəlliyə xələl gətirə bilərsən. Çünki bu şeirlər axıcılığı, sözlərin düzümü bir-biri ilə vəhdət təşkil edir ki, elə zəcirvari bağlıdır ki, birini götürsən digərləri öz qüvvəsini itirəcəkdir. Bu baxımdan onun təkrarsız nəğmələri haqqında danışmamaq mümkün deyil.

İslam Səfərli nəğməkar şairdir. Onun lirikasında çay, göl, dəniz, bulaq, çiçək, zirvə və s. obrazlar özünəməxsus cizgilərlə, məna çalarları ilə seçilir. Səmimilik, axıcılıq, oynaqlıq, musiqiyə uyarlıq onun şeir yaradıcılığını xarakterizə edən vacib əlamətlərdir.

O, hər zaman şeirdə sözlərin düzümünə, xüsusi fikir vermişdir. Şair “Batabat bulağı” şeirində yazmışdır:

 

Bulaqların bir səmtədir axarı,

“Salvartı” nın xoş görünür baxarı,

Biçənəkdən at səyirib yuxarı,

Yalmanına yata-yata gəlmişəm

Mərcan gözlü Batabata gəlmişəm..

 

Bu misralar həzin bir musiqi kimi nece də axardır. Məhz şairin şeirlərindəki bu xüsusiyyətlər onu nəğməkar şair kimi tanıtmışdır.  Azərbaycanımıza... Bunun nəticəsidir ki, görkəmli bəstəkarlarımızdan Cahangir Cahangirov, Tofiq Quliyev, Səid  Rüstəmov, Ramiz Mirişli, Emin Sabitoğlu, Ramiz Mustafazadə, Nəriman Məmmədov və başqaları daim onun şeirlərinə müraciət etmişlər. Ona görədir ki, şairin 200-dək  şeiri musiqiyə çevrilib, sevimli müğənnilərimiz tərəfindən ifa edilməkdədir.

Şairin “Ana” şeirinə görkəmli  bəstəkarımız Cahangir Cahangirovun bəstələdiyi mahnı Xalq artisti Rəşid Behbudovun ifasında ömrünün sonunadək səslənmişdir:

 

Könlümün nuru, canım ana

Böyütdün sən məni yana-yana.

Odlusan gül kimi, bir qaynar həyat kimi,

Borcluyam mən sənə, sənə bir övlad kimi,

Əziz ana.

 

“Zərif gülüşlün”, “Ağ şanı qara şanı”, “Qonaq gəl bizə”, “Ağ xalatlı  həkimlər”, “Bakı,  sabahın xeyir!” və s. kimi mahnıları uzun illər müğənnilərimizin repertuarıda yer tutmaqdadır. Bu mahnıların yaranma səbəbləri  vardır.



15-20 il bundan əvvəl “Azərbaycan” jurnalının (Ankara, 1952-ci il) 50-ci illər nömrələrini araşdıranda nəşrin 1952-ci il tarixli 2-3-cü nömrəsində dərc olunmuş bir şeir diqqətimi cəlb etdi. Bu, nəğməkar şair İslam Səfərlinin “Ana dili” şeiri idi. Jurnal oxucularına əsəri bele təqdim etmişdir:

“Əziz oxucular! Aşağıda nəzərinizdən keçəcək şeir Bakıda yayınlanan “Azərbaycan” dərgisinin 1958-ci il tarixli 7-ci nömrəsində çıxmışdır. Məmləkət duyğularına tərcüman olunduğu üçün eynən çap edirik”. Yeri gəlmişkən qeyd edim ki, jurnalın 50 il bundan əvvəl həmin nömrəsi xüsusi mövzuya – Azərbaycan Xalq Cumhuriyyəti qurulmasının 40 illiyinə həsr olunmuşdu və nəşrin baş məqaləsi bu sözlərlə başlayır: “Bir millətin həyatında hürriyyətə, istiqlala və milli azadlığa yetişdiyi gün ən əziz, ən xoşbəxt və ən müqəddəs bir gündür. Bu  gün günlərin əfəndisidir. Ən ülvi qayələrin,  yüksək idealların gərçəkləşdiyi bir gündür. İstibdad zəncirinin, köləlik bağlarının çözüldüyü gündür”.

Sonda İslam Səfərlinin vaxtilə iki “Azərbaycan” jurnalında dərc olunmuş və heç vaxt aktuallığını itirməyəcək “Ana dili” şeirindən bir bəndi verməklə fevralın 12-də anadan olmasının 85 illiyini qeyd edəcəyimiz şairin əziz xatirəsini hörmətlə yad edirik:

 

Dilim,  - bir dağ çeşməsidir,

Ürəyimdən dodağıma süzülür...

O çeşmənin gözünü gözüm qədər sevirəm

Onun hər damlasını, özüm qədər sevirəm.

 

Əlbəttə, şair-dramaturq İslam Səfərli bu gözəl əsərin “dəmir pərdə”dən - SSRİ-dən sızaraq Türkiyəyə çatdırılması və orada mühacirlər tərəfindən sevə-sevə dərc edilməsi faktı da bir daha Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan mücahidlərin fədakarlığına parlaq nümunədir.

 

 

“Bir könül sındırmışammahnısı necə yaranmışdır?

Günlərin bir günündə İslam Səfərli “Sahil” qəsəbəsindəki bağlarında istirahət edərkən, süfrə arxasında özü də bilmədən saf qəlblə nə deyirsə qadın dostlarından biri ondan inciyir. Qəlbi uşaq qəlbi qədər saf olan şair bütün gecəni yata bilmir. “Axı, nə üçün o, məndən incisin”, - deyir. Əlinə kağız-qələm götürüb ürəyini ağ varaqlara köçürür:

 

Mən onun dan ulduzu,

Zərrin şəfəq sanırdım.

Kimə inanmasamda,

Bir ona ianırdım.

 

O, bir qaranquş kimi

Qəlbimdə yuva qurdu.

Acı dilim qurusun

Dilim onu uçurtdu.

 

Saçlarının gül ətri,

Titrəyən ovucumda.

Bu intizar gözlərim

Ağlar yol ayrıcında.

 

Qabahətim böyükdür,

Ay ellər, dünən axşam

Bir ürək sındırmışam,

Bir könül sındırmışam!

 

Həmin vaxt şairin yaxın dostu Əlfi Qasımov da bu məclisdə olduğundan İslam  Səfərli hələ hava işıqlanmamış yazdığı şeiri götürüb, onun yanına yollanır. Əlfi Qasımovunda bağı İslam Səfərlinin bağı ilə yanbayan idi. Səhərin altoranlığında Əlfi Qasımov pəncərənin astadan döyülməsini eşidir. Pəncərənin qabağında yatan Əlfi Qasımov boylanıb İslam Səfərlini görür.

-Gecənin bu vaxtı xeyir ola ay İslam, nə olub, bir şey yoxdur ki?

-Yoxdur da sözdür, hələ ki, yatmamışam. Dünənki məclisdə neçə il duz-çörək kəsdiyim adam məndən incidi. Heç özüm də bilmədim, bu  necə oldu? Qulaq  as, bu  şeiri təsirdən yazmışam.

Əlfi Qasımov şeiri dinləyib təsirlənir. Deyir: -“İslam, sənin doğrudan da böyük ürəyin var. Bu şeirdən sonra sendən heç kəs inciməz. Get bundan sonra gözünün dincini bir az al, hər şey yaxşı olacaq...”

Tezliklə bu şeirə tanınmış bəstəkar Ramiz Mirişli həmişəyaşar bir musiqi bəstələyir. Azərbaycan Xalq artisti, əvəz olunmaz ifası ilə ürəklərə yol  tapan mərhum Şövkət Ələkbərovanın ifasında bu mahnını dinlədikcə adama elə gəlir ki, bütün küsülülər bu mahnını eşitdikdən sonra barışacaq. Bax, belə kövrək idi,  İslam Səfərlinin qəlbi......

 

 

 

 

 


 

 

 

Safarli New Service

 

 

 

 

 


adminlə əlaqə:
e-mail: elchinsafarli@bk.ru
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free