Əsas səhifə
     Həyatı
     Yaradıcılıq
     Foto arxiv
     Poemalar
     => CEX QIZININ MƏHƏBBƏTİ
     => DƏFİNƏ
     => İnsan Ləpiri
     => Yaralı nəğmə
     Əlavələr
     Qonaq kitabi



İslam Səfərli irsi - Yaralı nəğmə


YARALI NƏĞMƏ  poema

Proloq:

 

Bəyaz qar örtüyü,

Tül bir pərdədir.

Bir mahnı,

Qaldırıb duman ahını,

Qəlbimdə

Qırılmış simi titrədir...

 

Durub düşünürəm...

Sübhə xeyli var.

Görəsən hardadır cavan nəğməkar?

Hanı boz düzlərin

Kralı nəğmə.

De harda cırpındı

Yaralı nəğmə?!

 

I

 

Biz beş il cəbhədə

Yandıq, əridik.

Öndə kəşfiyyatda, -

Beş nəfər idik.

Bizə beşgüşəli

Ulduz dedilər.

- Nəğməsiz qaldıq susuz, - dedilər.

Gecəni hürküdüb,

Sübhü oyatdıq.

Nəmiş səngərlərə,

Nəğmə boşaltdıq.

Yuxusuz bilinər

Yuxunun dadı.

Beş il gözlərimiz

Cimir almadı.

 

Bir nəğmə, beş dodaq,

Ah, soloya bax!..

Onu gör

Kim çəkir zilə cəbhədə.

Vəcdə gələrək,

Döyüşcü gərək

Nəğmənin qədrini bilə cəbhədə.

 

O cavan nəğməkar,

Beşlərdən biri.

Məndən soruşmayın

Qalıbmı diri?

I I

 

Qarlı meşə yolu,

Keçir bölmələr.

Diksinib,

Uyğudan oyandı səhər.

Öndə

Beş nəfərik,

Beş ağxalatlı.

Özümüz piyada, fikrimiz atlı.

Sərvaxtdır qaz kimi iti fikrimiz,

Qar üstə

İlk cığır,

İlk ləpir,

İlk iz...

Düşən sırsıra buz,

Meh dəymiş budaq,

Elə səs salır ki, dünya qopacaq.

Sükutun

Səsi də əcaib olur.

Qabaqda bir təpə

Cəndə qeyb olur.

Aha, qaraltı var! Ah, top lüləsi.

Budur

Taxta-torpaq atəş nöqtəsi...

Bizdən az kənarda partladı mərmi.

Onlar

Gördülərmi,

Görmədilərmi?!

Alayın

Taleyi indi bizdədir.

Yaxşı ki, onları meşə gizlədir.

Süründük çalaya,

Baxdıq alaya...

Onlara

Çatmışdı top hənirtisi..

Ququ quşlarının gəlirdi səsi...

 

I I I

 

İşıqlı güllələr

Dumanı yardı.

Başımız üstündə tufan qopardı.

Gəldi,

Alov gəldi,

Güllə nə gəldi,

Qazancamı dəldi.

Sındı papağımdan

Düşdü ulduzum.

Çox şükür

Qar üstə

Beşdi ulduzum.

Beşi də salamat,

Beşı də canlı!

- İkisi evlidir,

İkisi subay,

Biri nişanlı...

Sərdik qar üstünə

Göy çantaları.

Düşmən izimizi itirsin barı

Hərəmiz

Biz ağac dibində yatdıq.

Biz  soldan süründük

Düşmənə tərəf.

Sağdakı çantalar olmuşdu hədəf.

Düşmən fişəng atır,

Ətraf apaydın.

Oxucum,

Kaş orda,

Orda olaydın.

Olaydın, görəydin

İnam hissəsini,

Düşmənə

Düşmənin sönməz kinini.

Qəlbimiz:

- Qələbə! – deyirdi bizim.

Vətənim! – deyərək

Əridib qarı,

Təpəyə sarı

O vaxt

Sürünürdük dizin-dizin.

İnam

Dağlar dələr,

Qaya parçalar.

İnam

Gerbimiztək

Ayda ucalar.

İnam

Bir biləkdə,

Min fil gücüdür.

İnamsız

Olmayın,

İnam vergidir!

...Sürünür beş həyat,

Əldə avtomat.

Sürünür beş cavan,

Beş canlı insan.

Alışır məhəbbət,

Yanır beş həsrət.

Dinlə, ey beş sevgi,

Ölüm deyir ki:

- Başınız üstündə mən fit çalıram.

Sizə,

Ölüm adlı

Tvist çalıram.

İnam

Baş qaldırıb sizə deyir ki:

- Həyatda ölüm var,

Həyatda sevgi.

Sevginin

Mərdlikdə axtarsa insan,

Keçər

Müharibə tufanlarından.

 

V I

 

....Təpəyə

Beşküşə ulduz sürünür.

Beşküşə

Bir anda beş də bölünür.

Betonlu,

Müəzzəm

Uca təpəni, -

Alaylar

Saxlayan bu məntəqəni, -

Beş küşə,

Beş qanad,

Beş canlı həyat,

Beş cavan kommunist alır dövrəyə,

Alaylar ölündən qurtarsın – deyə!

Artıq mənzildəyik, artıq ordayıq.

Kiçik post içində

Əlbəyaxayıq.

Onlar beş,

Biz beşik.

Burda vuruş var.

Bu dəmdə

Əllərdə bıcaq  parıldar.

Kinimiz

Sıyrılmış qılınc kimidir.

Qaranlıq...

Bilinmir,

Kim-kimi didir.

Birdən

Tez yadıma düşdü  fanarım,

Çəkib yandırdım.

- Ey nəğməkarım!

Sağmısan?

- Mən sağam.

- Bəs sən?

- Mən də sağ!

...Təpənin üstündə yelləndi bayaq!..

Elə məmnun durub baxırdıq ki, biz...

Bu an,

Nəğməkarın

Dodaqlarından

Axdı nəğməmiz.

Nəğmə elə axdı ki...

Nəğmə bir bulaqdı ki,

Yanar dodağımızdan

Su kimi axdı, keçdi.

Bu nəğmə çeşməsindən,

Bütün alaylar içdi.

Bu döyüş mahnısını

Bu həyat nəğməsini;

Bu nəğməkar əsgərin

Könül təranəsini

Meşələr təkrar edib,

Düzlər döşünə yazdı.

Mənə elə gəlir ki,

Biz çox şey itirərdik,

Bu nəğmə olmasaydı...

 

V

 

Birdən qəfil güllə

Dəydi oğlana

Ah, cavan nəğməkar qəqr oldu qana.

Düşdü

Dodağından yaralı nəğmə,

Sinəsi neştərli, paralı nəğmə.

O öldü....

 

Qanadtək tez sındı mahnı,

Düşüb,

Kol-kol üstə çırpındı mahnı.

Əlimi uzatdım, tuta bilmədim,

Şərqi

İnildədi,

            Mən inildədim...

Bir duman tülünə büründü nəğmə,

Qarlı  düzənlərdə süründü nəğmə...

 

Epiloq

 

Ömrümdən

Sovuşub keçdi fəsillər.

Gümüşü toz səpdi başıma illər.

Xatirə gah acı,

Gah şərbət dadır.

Görəsən o nəğmə indi hardadır?

Xəzərin səmavi dodaqlarından

Səs gəlir bu an:

O nəğmə

Hər qəlbin güşəsindədir,

O nəğmə buruqlar meşəsindədir.

O nəğmə sevgitək safdır, təmizdır.

O bizim məhəbbət təranəmizdir!..

Mən göyə baxıram,

Yerə baxıram,

Qanadı

Nəğməli şerə baxıram.

O gözəl mahnının

                        sədası gəlir.

Cavan nəğməkar da,

Hər il baharda

Əynində cəbhəçi libası gəlir.

Polada döndərib iradəmizi

Həyata çağırır o nəğmə bizi!..

 

 

 

 

İslam Səfərli 1967-ci il


adminlə əlaqə:
e-mail: elchinsafarli@bk.ru
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free