Əsas səhifə
     Həyatı
     Yaradıcılıq
     Foto arxiv
     Poemalar
     => CEX QIZININ MƏHƏBBƏTİ
     => DƏFİNƏ
     => İnsan Ləpiri
     => Yaralı nəğmə
     Əlavələr
     Qonaq kitabi



İslam Səfərli irsi - DƏFİNƏ


DƏFİNƏ poeması

 

- Bakı – qızıl səltənəti...

Şöləsində biz yanmışıq.

Yüz illərdir bu sərvəti

Sora-sora dayanmışıq.

Baş xitabət kürsüsündən

Qoca usta dindi birdən:

- Torpağında öz mənliyi,

Öz kişilik qüruru var.

O, dostluğu, düşmənliyi,

Tez qavrayıb, gec unudar.

Soruşmayın mən nəçiyəm,

Təzə almaz baltasıyam.

Bir fəhləyəm, bir neftçiyəm,

On uşağın atasıyam.

Bakı işıq şəhəridir,

Üz ağardır Abşeronum.

Bu torpağın cövhəridir,

Mənim ilkim, mənim sonum. 

Ola bilər, savadsızam,

Çox güman ki, yanılam da.

Neft deyiləm axıb sızam

Rütbəm yox  ki, sanılam da.

Ancaq həyat təcrübədir,

Kitablardan gəlməmişəm,

Sitatları gündə bir-bir

Varaqlara sərməmişəm.

Bilirəm ki, Abşeronun,

Bir tükənməz qatı vardır.

Mezozoydur adı onun,

O sirli qat ilk bahardır.

Göy dənizə su səthindən,

Beş yüz metr enməklə biz;

On minlərlə dərinlikdən

Fontan vurur ağ netimiz.

Yanılmayıb hələ ürək,

Qara qızıl axıb daşar.

İnanın ki əvvəlkitək

Bakı nefti cavanlaşar!..

(Qurultayın kürsüsündən

Bu sözləri deyib usta,

Gözlərində böyük Vətən,

Enib düşdü asta-asta.)

Yataqxana, kiçik kətil

Bir aspirant...

Keçir üç il,

Götürdüyü mövzuya bax,

Qaralanır neçə varaq.

Təzələnir min-min kağız,

Susur kağız, dinmir kağız...

Varaqlarda min ustanın

Tarixçəsi yaranmada.

Onu sadə neftçi sanır,

Aspirantım uymaz ada.

Sözdən ürək üşüsə də,

Vaxt olub ki, sıyılmışıq.

Saçımıza dən düşsə də,

“Böyüklərə” sıxılmışıq 

Elmi əsər qılınc kəsər!

Kəskinliyi seyrələtməyək.

Qoy onlara bir müxtəsər, -

Bir qədər də çox sərt deyək:

 

- Adı-sanı olanlarım,

Ey tanınmış sənətkarlar.

Hamınızın ağrın alım,

Sizdən təkcə bir ricam var;

Şöhrətiniz düşməz bir an,

Özünüzdən yazdırmayın.

Cavanları öz yolundan

Azdırmayın,

Azdırmayın...

Mənim təzə aspirantım,

Ürəyimin sarı simi.

Mənim əziz aspirantım,

Vuqarlıdır məmim kimi.

...Aspirantım bərk dayanmış,

Özü nəcib, ad Sabir,

O, elmdə ayaqlanmış,

Taptalanmış yolu sevmir.

Təkrar özü bıqdırıcı,

Məlum hissin çeçəsidir

Təzəliyin söz qılıncı

Alovlardan keçəsidir.

...Mənim gözüm Sabirdədir,

Lap indicə oyanmışdır.

Yataqxana mürküdədir...

O, eyvanda dayanmışdır.

Durub endi pillələrdən

Aspirantım səhər-səhər.

“Metro”ya minmişəm mən,

Xoş gəlməyib heç bu qədər.

Onun əlvan naxışları

Gözəl olur nur düşəndə.

Ceyran qızla baxışları

Pillələrdə öpüşəndə.

Mənim subay aspirantım,

Mənim əziz aspirantım;

Sənin kimi ötüşübdür

Hər bir anım, hər bir saatı.

Mən gələndə Bakımızın

Yaraşığı çox az idi.

Mən deyirəm, siz də yazın,

Bakı solğun bir yaz idi.

İndi iki Bakı vardır;

Biri çiçək səltənəti,

Şəhər altı naxışlardı...

Orda gülür el sənəti.

Eh, illərin qanadıyla

Biz nə qədər yol getmişik.

Xoş günlərin nabatıyla

Məxmər rəngli çay içmişik.

“Metro”muzun axarında,

Axır sevgi əsrim mənim.

İldırımlar çaxarında

Batmaz heç vaxt səsim mənim.

Aspirantım iti gedir,

O, “metro”dan çıxasıdır.

Onun qədəm basdığı yer,

Bir buruğun yaxasıdır.

Eyvanını Xəzər öpən

Yaraşıqlı bir binada

Sabirimə rast gəldim mən;

Son görüşlər düşdü yada.

O nə isə sual verir,

Mezozoylar açıb-bükür.

O, ustanı yaman sevir,

Göyə qalxır, yerə çökür.

İşdən təzə qayıtsa da,

Usta laqeyd baxmır ona.

(Tez çay verir, gec yatsa da

On uşaqlı böyük ana.)

Aspirantım həm işində,

Həm evində tapır onu.

Ustayla hər görüşündə

Kəşf edir ər qürurunu.

...Gecə əyir qanadını,

 Ərlə-arvaq eyvandadır.

Dadıb yuxu nabatını

Nəvələri şirin yatır.

Yuxu yatır göz içində,

Mürgüləyir qoca şəhər.

Dalğaların yelpincində,

Xumarlanır xumar səhər...

-         Kişi?!

-         Nə var?

-         Yatmırsan ki?

-         Yuxulamayıb hələ Bakı.

-         Nə olubdur?

-         Deyirəm ki,

Gəl sən də dostlaarın təki,

Yaşın keçib, qayıt evə.

Kötücələr sevə-sevə

Bağçamızda gül becərək...

- Qocalmayıb hələ ürək.

Hələ sözsüz bir mahnıyam.

Torpağımım alt qatını,

Abşeronun həyatını,

Bəd olmaz ki, mən tanıyam?!

- Tanısan da nə fərqi var,

İndi heykəl qoymayırlar.

-         Arvad, heykəl gəzənləri

İtirib el düzənləri.

-         Düzdüz, adın ucalıbdır,

Qanadın ki, qocalıbdır?

- Dərinlərə enməliyəm,

Yanmalıyam, sönməliyəm.

Mən Bakımın neft nəhərini,

Onun qızıl çövhərini

Xəzər boyda görməliyəm!..

 

Yenə Xəzər üz döndərib...

Estakada ləngər vurur,

Bir buruğa qanad gərib

Dalğalardan səngər qurur...

Atıb dəmir tilovunu.

O olmasa buruq laxlar.

Dalğaların çilovunu

Öz əlində tutub saxlar.

O dediyin bir ustadır,

Əynində yaş plaşı var,

Şor su içir, şərbət dadır,

Onun kəskin yaddaşı var.

Bığlarından dəniz suyu

Damcı-damcı yerə düşür.

Su dibində təzə quyu...

Yer qatıyla o görüşür.

Aspirantım durub baxır...

Qəhrəmanı yaxındadır.

Boruları burub baxır,

O sirli bir axındadır.

O, qızındıqca hər qarışı

Xəyal uçur, fikir çaşır.

Gün gödəlir, şər qarışır,

Ağ dalğalar quduzlaşır.

Məhmizləyib göy Xəzəri

Çilovunu yana əydim.

Təzə yolla gedənləri

Kaş yıxılan görməyəydim.

...Bir qülləli buruq üstə,

Hər ikisi görüşdülər.

Bir az keçdi...

Tənəffüsdə

Taxta dama bir düşdülər.

O düşündü: - Jurnalistlər

Bir gün gəlib, on gün deyir.

Bu onlardan daha betər,

Nə söz yazır, nə də şeir.

Bircə bu da aman verib

Qoymayır ki, görüm nə var.

Axı, məndə bu nə görüb,

Hamınındır bu buruqlar.

Vallah, az-çox iş görəni

Yaman işdən soyudurlar;

Axı, bunlar nəyir məni,

Bəyəm mənim buynuzum var?

Hamı nəcə, mən də elə,

Əşi, işdir görürük də.

Tər tökürük gilə-gilə,

Axı, təzə nə var burda.

Bildir qoca bir dostumu,

Hə, deputat elədilər.

Onun neftçi kastyumu

Nə maz gördü, nə də tər.

Əli işdən, ayağısa

Buruqlardan uzaqlaşdı.

Heç bilmirəm nə oldusa

O, yolunu yaman çaşdı.

İclaslarda şüar dedi,

Ekranlarda göründü o.

Alqışları yaman yedi,

Qatarlarda süründü o.

O, vaxtıyla yer sökəndə,

Abşeronda ad almışdı.

Buruqları diz çökəndə,

Deyin, niyə uzaqlaşdı?

Bir gün neftın çövhərini

İyləməsəm ətir kimi;

Mən görmərəm bu qüllərni

Başım üstə çətir kimi.

...Usta sanki elə bu an,

Son qoydu öz ithafına.

Dəniz altda varaqlanan

Dəfinələr kitabına

Aspirantım gülümsədi,

Gözlərində şəfəq yandı.

Ürəyində söz həsədi,

Səməndərtək alovlandı.

Düşündü ki, qoy bilməsin,

Qoy bilməsin kiməm, nəyəm.

O, istəmir mənə desin:

- Əl dəyməmiş dəfinəyəm!..

 

 

 

 

 şair İslam Səfərli


adminlə əlaqə:
e-mail: elchinsafarli@bk.ru
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free