ÇEX QIZININ MƏHƏBBƏTİ
Böyük Vətən müharibəsindən
əlil qayıtmış tələbə dostdum
Əhəd Əliyevin dedikləri
Deyirdilkər, çex elləri gözəldir,
Görməmişdim, inamırdım buna mən.
Deyirdim ki, yəqin o-bu düzəldir
Sevmək olmaz qürbət eli ürəkdən.
Düşünürdüm “çınqıllı”nın suyutək,
Diş köynədən sərin bir su olarmı?
Yad çinarı çinarımın boyutək
Bir sürünün üstə kölgə salarmı?
Sarıköynək budaqlarda gəzəndə,
Bir dənədir, deyirdim, bu nəğməkar.
Qoca qartal zirvələrdə süzəndə,
Ucalırdı ürəyimdə min vüqar.
Dan yerini mən seyrinə dalanda,
Deyirdim bəs, günəş təkcə bizimdir.
Karvanqıran göylərdə iz salanda
Sanardım ki, ləpirimdir, izimdir.
Çıxıb nazlı səhərlərin seyrinə,
Kol dibindən mən bənövşə gəzərdim.
Qarpız atıb Edilağa gölünə,
Arxasınca dəvə boyu üzərdim.
Eh, İslam, elə ki, hərbə getdim,
Ürəyimdə bu yerləri yaşatdım.
Əldə silah bir başa qərbə getdim,
Yad elində neçə güllə boşaltdım.
Düşündüm hərbin tufanına, qarına,
Bürkü vaxtı dodağım da çatladı.
Faşistləri qovduq öz diyarına,
Çox bombamız Berlin üstə partladı.
Söz ki, gəldi, deməlisən yerində,
Axır, Elba sahilinə yetişdim.
Həmlə vaxtı, sərt günlərin birində,
Nə gizlədim, düzü əsir də düşdüm.
Əsirlikdən danışmıram, çünki sən
Bu dəhşəti məncə çox eşitmisən.
- Danış, dedim, dözümlüyəm, ay Əhəd,
Mən də fəryad illərində olmuşam.
...O, boylandı, ürəyində bir həsrət,
Görmədi ki, bulud kimi dolmuşam.
- Düşərgələr, düşərgələr...
Söz vaxtında düşər gələr.
Nə gizlədim, qəm də yedim,
Ağzıma da gəldi ölüm, -
At dırnağı yeyəndə mən.
Dərdli sözlə yoxdur aram,
Bulud kimi tutuluram
O dəhşəti deyəndə mən.
Can qadaşım, soruşma gəl,
Keçdi anlar, keçdi günlər.
Əridim də mən mum kimi,
Günlər gördüm zəqqum kimi.
Dağ dalında yatanda gün,
Qış qaralıb batanda gün,
Mürkü vurub bir anlığa,
Batdıq zülmət qaranlığa.
Çünki oydu bizi həmdəm,
Nə deyim mən taleyikəm?
Ürəyimdə el həsrəti,
Söz həsrəti, dil həsrəti;
Qulağımda laçın səsi,
Bulaqların zümzüməsi;
Kirpiyimdə bahar şehi,
Nəfəsimdə sübhün mehi;
Gözlərimdə qarlı dağlar,
Köksüm üstə barlı bağlar;
Zümrüd gözlü yamaclar da,
Ötən xallı turaclar da,
Elimin xoş xilləti də,
Babaların hikməti də.
Yaşayırdı... nə deyim mən,
Bunları ki, sən bilirsən?
- Bəs gözlərin necə oldu,
- Gündüzlərim gecə oldu,
Gecələrim daha zülmət,
- Kədərlənmə danış Əhəd.
Qoy mən yazım səndən barı...
...Tərpənmədi dodaqları,
Tövşümədi sinəsi də.
Baxıb onun bu halına,
Daldı səyyar xəyalına
Ağ birçəkli nənəsidə.
Çex gözəli Erika da,
Dedi: - Əhəd, gətir yada,
Qurban olum mən adına,
Keçənləri sal yadına.
- Ey Erika, nə deyim mən?!
- De, nə keçsə ürəyindən.
O danışdı.. Gözlərimə
Gəldi adi yaz gecəsi,
Qanad səsi, zəncir səsi...
Gözətçilər hərdən gəzir,
Neçə qəlbi zindan əzir.
Neçə əsir baş-başadır,
Onları bir ruh yaşadır,
O da elin düz ilqarı.
Onlar oyaq, gecəyarı...
Qaçmağa da yoxdur aman,
Əhəd dedi: - Daha dayan!
Boşaltmışam çoxdan bəri
Mən tikanlı məftilləri.
Bir çex dedi: - Bir aslantək,
Gözətçini boğa bilsək,
Çatarıq sühbçağına biz,
Düz “Məriyəm” dağına biz.
- Deyirdilər çex elləri gözəldir,
Görməmişdim, inanmırdım buna mən
Deyirdim ki, yeqin o-bu düzəldir,
Sevmək olmaz yad elini ürəkdən.
Lakin sevdim, nə gizlədim,
Dolaşdıqca mən Elbada,
“Kalba Musa çeşməsi”nin
Ərikliyi düşdü yada.
Yetişəndə səhər çağı
“Məryəmdağ”ın zirvəsində;
Altımızdan ağ dumanlar
Gəlib keçdi sinə-sinə.
“İlandağ” düşdü yada,
“Xoşkeşinə” sanki gəldim.
Buz bulağın üstündəki,
Çəmənliyə xalı sərdim.
Ötdü neçə sarıköynək,
Diş göynətdi, bulaqlar da.
Elə sandım, gəncliyimi
Keçirmişəm bu dağlarda.
“Qorxulu daş”, o sal qaya,
Qızıl nallıköhlən at da;
Üzərində saray olan
Çex təpəsi Ferdinant da;
Lap yaxında çilvələnən,
Gözəl Usti şəhəri də;
Bu yerlərin könül açan
Axşamı da səhəri də;
Məftün etdi qəlbimizi,
Öz qoynuna aldı bizi.
Bilirəm ki, deyəcəksən;
“Neçə qadın düşərgədən?!”
Eloğlunam, bəs qaçmayım
Yulis Fuçik qaçan yerdən?
Arxamızca çox atdılar,
Yaralandı dostlarım da.
Mən onlardan birini də
Alıb qaçdım öz dalımda.
Məlhəm qoyub dağ gülündən
Neçə mərdin sinəsinə,
Gedirdik ki, biz qoşulaq
Bir partizan dəstəsinə.
Ay Erika, sən durmusan,
Mən deyirəm, çex elindən
Danış barı, şairimiz
Qoy eşitsin öz dilindən.
Yox, hələ yox, bunları sən
Məndən qabaq eləmisən.
Ah, elə ki, çatdı məqam,
Yığışsa da yer kürəsi,
Heç bir kəsi, heç bir kəsi
Danışmağa mən qoymaram...
...Əhəd xəyal içindədir,
Onu qəmgin edən nədir?
O andımı dostu, yarı,
Əsdi, əsdi dodaqları;
- Mehribanca biz qol-qola,
Dəstəmizlə endik yola.
Basdırılmış ağır mina,
Qəsd elədi şirin cana.
Yandı gözüm həmin axşam,
Yerə dəydim mən bu halda,
Bir də gördüm, qospitalda
Çarpayıda uzanmışam.
- İndi dayan, deyə birdən
Çex gözəli qalxdı yerdən.
Azərbaycan dilində o,
Elə qəşəng danışdı ki;
Bizim dağlar laləsitək
Elə yandı, alışdı ki,
Elə gözəl bir ləhçəylə,
Elə təmiz bir ismətlə,
Elə böyük ehtirasla,
Elə sosuz məhəbbətlə
Danışdı ki... Qurudum mən.
Xoş səfalı Çex ölkəsi,
Böyük bir xalq idarəsi
Gəlib keçdi gözlərimdən...
Elba sahilində yaşıl şəhər var,
Qəlbə ruh verir,
Ustu şəhəridir bu gözəl diyar,
Gəl seyr elə bir.
- İlk dəfə kim verdi dostluq əlini,
De, sənmi, omu?
Erika, Erika, ay çex gəlini,
Sev eloğolumu!
Hərbi qosbitala sən
Durub hər gün gəlirsən.
De, nələr keçir, nələr
Sənin qız ürəyindən?
Nə dilini bilirsən,
Dilə tutsan barı,
Ovutmaq da olmayır
Bütün yaralıları.
O kimdir sol tərəfdə
Gözləri bağlı yatır?
Yuxuda da danışır,
Qışqırır, əl-qol atır.
Adını soruşursan,
Səni başa düşməyir,
Ona əl uzadırsan,
Bəs niyə görüşməyir?
Haralıdır görəsən?
Qərb adamı deyildir.
Üç-dörd kəlmə ağzını
Açıb danışaydı bir.
Gözləri zəlil oğlan,
Deyən yaman qəribdir.
Harda yaralanıbdır,
Bura hardan gəlibdir?
Erikanın əlləri
Onun sinəsindədir.
Xəstə özünə gəlib,
Deyən bunu hiss edir.
Əllər əllərə dəyir,
Göz yox baxa gözünə.
Dil də bilməyir barı,
Cavab versin sözünə.
Nəsə demək istəyir,
Sinəsi qalxıb-enir,
Oğlan danışmasa da,
Çex gözəli sevinir.
O duyur ki,bu qəlbdə
Nəsə bir od, alov var.
- Mən tək qoysan bu gənci
Qürbət onu tez boğar.
Erikanın qəlbindən
Dağ çayları süzüldü.
Xatirələr karvanı
Düzüldü, nə düzüldü...
Səhəri gün özüylə
Bağa çıxartdı onu.
Qolunu da keçirtdi
Xiyabanda qolunu.
Oğlan tək-tük çex sözü,
Alman sözü bilirdi.
Tanış söz eşitdimi,
Qımışırdı, gülürdü...
Erika çox düşündü,
Erika çox daşındı.
Ona xoş gələn, görən
Kirpiyindi, qaşındı?
Bəlkə boyun-buxunun,
Bəlkə geniş kürəyin,
Bəlkə sənə xas olan
Arzun, hissin, diləyin?
Sözün xoş gəlir ona?
Bu deyil, bəs nədəndir
Səni görməyəndə bir
Dünya boş gəlir ona?
Sakit axan suları
Erika çox sevirdi.
Bir gün yenə təqvimin
Varağını çevirdi.
O duydu ki, ömründən
Sovuşduqca bahar, qış,
On yeddi yarpaq düşüb,
O lal sularda axmış...
Qızın qaynar çağıdır,
Qəlbi ağlına hakim,
(Bu dəliqanlı vaxtı
De, kim keçirməmiş, kim!)
Erikanın ilk eşqi
Büllurdan təmiz oldu.
Ürəyinə elə bil
Bahar suları doldu.
Yaralılar içində
Çex də var, alban da var.
Əhədin böyründəcə
Yatır yaralı bolqar.
Lakin Erika sanki
Görməyir bir kimsəni.
Qəlbi Əhədə deyir:
“- Səni sevirəm, səni!”
Günlər zəncir həlqəsi,
Aylara düşdü getdi.
Əhədində günləri
Belə ötüşdü getdi.
Hərbin odu, alovu,
Söndürüldü bir səhər.
Yer üzünün hüsnünə
Gülümsədi şəfəqlər.
Faşistlərin məzarı
Əbədillik qazıldı.
Doqquz May - tarixə
Zəfər günü yazıldı.
Qaliblər evə döndü,
Yaralılar qayıtdı.
Neçə hicran xəstəsi
Gəlib vüsala çatdı.
Əhədə də dedilər:
- Qayıt yurduna sən də.
Burdan daha xoş keçər
Güzaranın vətəndə.
Əhəd xəyala daldı,
Çıxarmadı səsini.
Yadına saldı bu dəm
Sarvanlar məhləsini
Anası Məstan xala,
Atası Səməd əmi:
O ilk körpəlik çağı,
O ilk uşaqlıq dəmi;
Tanış məktəb, böyük bağ,
O evdə, o həyət də.
Kiçik bacısı Papıl,
Gənc qardaşı Qəhət də;
Qurbanəli, Lətifə,
İslam, Nəcibə, Leyli;
Son sinif şagirdləri,
O gözəl təhsil ili;
Hər şey, hər şey birəbir
Xəyalından ötüşdü.
Yanağından damlalar
Süzülüb yerə düşdü.
Erika seyr edirdi
Əhədin bu halını.
O, qoynundan çıxarıb
Haşiyəli dəsmalını,
Əhədin yanağından
Axan damlanı sildi.
Duydu ki, bu göz yaşı
Bir həsrətdir, nisgildi...
- Errika!
- Əhəd, nə var?
- Yaman olur intizar,
Bəlkə...
- Aha, de görək!
- Düzü dözməyir ürək,
Ayrılırıq deyəsən
- Tək gedirsən niyə sən?
Bəs mən?
- Axı, sən...
- Dayan!
Kimdir səni tək qoyan?
Ya qal bu yerdə yaşa,
Ömür sürək başa-başa;
Ya da can sirdaşı tək
Sizə bərabər gedək.
- Erika!
- Əhəd, dinlə.
Bundan sonra ömrümü
Keçirməsəm səninlə,
Eşqim mənə ar olar.
- Axı, mən zəlil, xəstə,
Sən cavan, boyubəstə.
Bəlkə özgəni sevsən,
Daha xoşbəxt olarsan?
- Quşun sənə qonubdur.
Səni qoyub, Əhəd can!
- Bəs atan-anan?
- Mənim?..
Mənsiz də, inan ki, sən
Yaşayacaq vətənim...
Ancaq səni sevib mən
Qəlbimdə yaşatmasam,
Mənə nankor deməzmi
Elə öz anam, atam?
- Erika can, yenidən
Elə bil gəldim cana!
Gedək, bərabər gedək
Bizim Azərbaycana!..
İllər qanad bağladı,
Bir çay kimi çağladı,
Onlar qoşa gəldilər,
Coşa-coşa gəldilər.
Naxçvan, Araz üstü
Büsat qurdu əlüstü...
Əhəh vəfalı seçdi,
Günü səfalı keçdi.
Keçdi beş il, on beş il,
Unudulan şey deyil, -
Nə düz ilqar, nə peyman
Gözəl keçdi güzəran!..
Uzaqlarda Günəş batır, odur bax,
Əhəd mənim yanımdaca oturmuş.
Erika da çay gətirir utancaq,
Böyrümüzdə üç bala oturmuş.
Soruşuram uşaqların adını.
- Səməd!
- Səyyad!
- Fərhad! – deyir.
- Yazacağam eşqinizə mən şeir...
Gülümsəyir bizim bu çex qadını.
Erika çex dilində
Səhra gülü deməkdi,
Əhəd onu gətirib,
Bizim səhrada əkdi...
şair İSLAM SƏFƏRLİ